10/06/2026
Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turnirində məktəbimizin şagirdləri uğurlu nəticələr əldə edərək bizi qürurlandırmışlar.
Belə ki, Ələkbərova Günay qızlar arasında II yerə layiq görülmüşdür. Ağazadə Şükür isə oğlanlar arasında və ümumi turnirdə I yer qazanaraq yüksək nəticə nümayiş etdirmişdir.
Şagirdlərimizi qazandıqları bu uğur münasibətilə ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq. Onların əzmi və zəhməti məktəbimizin adını daim yüksəklərdə saxlayır.
10/06/2026
İnsan hüquqları aylığı çərçivəsində məktəbimizdə maarifləndirici fəaliyyətlər davam edir.
Bu istiqamətdə məktəbimizin informatika müəllimi Nahidə Quliyeva tərəfindən 8 "D" sinfində “İnsan hüquqları sosial şəbəkədə” mövzusunda maraqlı və interaktiv dərs təşkil olunmuşdur. Dərsin əsas məqsədi şagirdlərdə sosial şəbəkələrdə davranış qaydaları, şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik və rəqəmsal mühitdə insan hüquqlarına hörmət anlayışının formalaşdırılması olmuşdur.
Dərs zamanı şagirdlərlə birlikdə sosial mediada etik davranış, onlayn ünsiyyət zamanı qarşılıqlı hörmət, kiberzorakılığın qarşısının alınması kimi vacib mövzular müzakirə edilmişdir. Şagirdlər müxtəlif situasiyalar üzərində fikir mübadiləsi apararaq öz təkliflərini irəli sürmüş, müasir dövrdə insan hüquqlarının qorunmasının əhəmiyyəti barədə geniş məlumat əldə etmişlər.
Belə maarifləndirici dərslər şagirdlərin həm rəqəmsal savadlılığının artırılmasına, həm də onların məsuliyyətli və şüurlu vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
10/06/2026
Məktəbimizin 9F sinif şagirdləri 2025–2026-cı tədris ilində Azərbaycan dili (dövlət dili) fənni üzrə keçirilən buraxılış imtahanında yüksək nəticələr göstərərək məktəbimizin uğur salnaməsinə yeni nailiyyətlər əlavə etmişlər.
09/06/2026
📚 İnsan hüquqlarının təbliği və maarifləndirilməsi istiqamətində fəaliyyətlər davam edir.
Məktəbimizin 6 “S” sinfinin Rus dili müəllimi Cəbiyeva Nərmin tərəfindən sinifdə “İnsan Hüquqları Guşəsi” yaradılmışdır. Guşənin məqsədi şagirdlərdə insan hüquq və azadlıqları haqqında məlumatlılığın artırılması, hüquqi düşüncənin formalaşdırılması və vətəndaşlıq məsuliyyətinin inkişaf etdirilməsidir.
Şagirdlər hazırlanan məlumatlandırıcı materiallar vasitəsilə öz hüquq və vəzifələri ilə daha yaxından tanış olur, hüquqi biliklərini zənginləşdirirlər. Bu cür təşəbbüslər məktəbdə hüquq mədəniyyətinin formalaşmasına və şagirdlərin hərtərəfli inkişafına mühüm töhfə verir.
08/06/2026
Məktəbimizin şagirdi İbrahimzadə Firdovsi olimpiadalarda iştirak edərək mükafatlara layiq görülmüşdür. İnternational Spirit of Math Contest Olimpiadasından riyaziyyat üzrə qızıl medal, Beynəlxalq Eynşteyn Olimpiadası riyaziyyat üzrə bürünc medal.
Şükürova Günay müəlliməni və şagirdimizi ürəkdən təbrik edirik. Uğurları bol olsun.
08/06/2026
Məktəbimizin Azərbaycan dili müəllimi Xatirə Məmmədova tərəfindən 6 “F” sinfində İnsan Hüquqları aylığı çərçivəsində xüsusi dərs təşkil olunmuşdur.
Dərs zamanı mövzu ilə bağlı qısa maarifləndirici fraqmentlər izlənilmiş, daha sonra şagirdlər qruplara bölünərək “İnsan hüquqlarının müdafiəsi üzrə hansı işlərin görülməsi vacibdir?” mövzusunda müzakirələr aparmış və öz təkliflərini təqdim etmişlər.
Şagirdlər mövzuya böyük maraq göstərərək hüquqların qorunması və cəmiyyət üçün əhəmiyyəti barədə dəyərli fikirlər səsləndirmişlər.
08/06/2026
Şagirdimizin növbəti uğuru! 🌟
Məktəbimizin şagirdi Ağayeva Esma 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə fəal iştirakına görə Binə qəsəbə Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil və ictimai fəaliyyətində yeni nailiyyətlər arzulayırıq. Uğurların davamlı olsun! 👏📚🌹
04/06/2026
📚 Abituriyentlərlə maarifləndirici görüş keçirilib
Bu gün məktəbimizin 11-ci sinif şagirdləri ilə 1-ci və 4-cü ixtisas qrupları üzrə imtahan verən abituriyentlər üçün xüsusi maarifləndirici görüş təşkil olunub. Görüşdə Qarabağ Universitetinin nümayəndələri iştirak edərək şagirdlərə universitetin ixtisasları, qəbul qaydaları və təhsil imkanları barədə ətraflı məlumat veriblər.
Nümayəndələr çıxışlarında ali təhsil seçimində düzgün istiqamətin müəyyən edilməsinin vacibliyini vurğulayıb, şagirdlərin gələcək karyera planlaşdırması ilə bağlı suallarını cavablandırıblar.
Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və onların gələcək seçimlərinə müsbət təsir göstərib.
✨ Bu cür maarifləndirici tədbirlərin keçirilməsi şagirdlərin düzgün ixtisas seçimi etməsində mühüm rol oynayır.
03/06/2026
🌿💚 Təbiətə edilən hər bir yaxşılıq gələcəyə qoyulan ən gözəl sərmayədir. 💚🌿
Məktəbimizdə keçirilən “Təbiətə Xeyirxahlıq” festivalı çərçivəsində 9 “L” sinfi və sinif rəhbəri Məmmədova Cəmilə müəllimə ağac və gül əkərək “Təbiətə Xeyirxahlıq Marafonu”na qoşuldular. Şagirdlərimizin yaşıllıqların qorunmasına və ətraf mühitin zənginləşdirilməsinə verdikləri töhfə təbiətə olan sevgi və qayğının gözəl nümunəsidir.
🌱 Təbiəti qoruyaq, yaşıllıqları artıraq, gələcəyimizi birlikdə gözəlləşdirək! 🌸🍃