17/06/2026
Liseyimizin 4-cü sinif rus bölməsinin şagirdi Elay Novruzlu Qlobal Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərərək bürünc medala🥉 layiq görülmüşdür.
Bu uğur şagirdimizin əzmkarlığının, zəhmətinin və riyaziyyata olan marağının gözəl göstəricisidir. Şagirdimizi ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında daha böyük nailiyyətlər, yeni zirvələr və parlaq qələbələr arzulayırıq!
17/06/2026
🏆 Təbrik edirik! 🏆
3-cü sinif rus bölməsinin şagirdi Elay Cahangirli beynəlxalq incəsənət müsabiqəsi “Azerbaijan Stars” çərçivəsində keçirilən rəqs nominasiyasında uğurla çıxış edərək II yerə layiq görülmüşdür.
15/06/2026
15 İyun – Milli Qurtuluş Günü
Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası, milli birliyin bərpası və ölkəmizin inkişaf yoluna qədəm qoyduğu əlamətdar tarixdir.
1993-cü ilin 15 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin olunmasına, dövlət müstəqilliyinin qorunmasına və gələcək inkişafın əsaslarının yaradılmasına zəmin olmuşdur.
Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü dərin hörmət və ehtiramla qeyd edir, dövlətimizin möhkəmlənməsi və tərəqqisi naminə görülən işləri yüksək qiymətləndirir.
Milli Qurtuluş Günü münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir, xalqımıza əmin-amanlıq, rifah və yeni uğurlar arzulayırıq.
13/06/2026
Liseyimizdə Kiçik Akademiyanın 30-cu konfransı keçirilib. Konfrans Kiçik Akademiyanın sədri Gülnarə Səfərovanın rəhbərliyi və direktor Nigar Məmmədovanın iştirakı ilə baş tutub.
Tədbirdə şagirdlər kimya, fizika, biologiya, coğrafiya, tarix və STEAM fənləri üzrə hazırladıqları maraqlı tədqiqat işləri və layihələrlə çıxış ediblər. Məruzələr böyük maraqla dinlənilib, şagirdlərin elmi araşdırma bacarıqları və yaradıcılıq qabiliyyətləri yüksək qiymətləndirilib.
Konfransın keçirilməsində əsas məqsəd şagirdlərdə elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin əldə etdikləri nailiyyətlərin təqdim olunması olub. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurla yekunlaşıb.
09/06/2026
Zəngi liseyində 5-ci sinif şagirdləri arasında atletika idman növü üzrə maraqlı və rəqabətli yarış keçirilmişdir. Yarışın əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzini təşviq etmək, idmana marağı artırmaq və onların fiziki bacarıqlarını inkişaf etdirmək olmuşdur. Tədbirdə iştirak edən şagirdlər yüksək fəallıq nümayiş etdirmiş, yarış ruhu və komanda həmrəyliyi nümayiş etdirmişlər.