23/06/2026
Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi
2026- cı il iyunun 22- də Xəzər Universitetinin Mərmər zalında Prof.Akad. Hamlet İsaxanlının “Dəli ceyran” romanının müzakirəsinə həsr olunmuş “Sevgi və gözəlliyin izi ilə” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri dos.Dilbər Zeynalova açaraq, dünyanın bu qarışıq və dolaşıq dönəmində hər şeydən çox insanın ehtiyac duyduğu şeyin sevgi olduğunu bildirdi. D. Zeynalova qeyd etdi ki, “Dəli ceyran” romanı adından başlayaraq, həyatımızdakı təzadları, əksliklərin vəhdətini yeni donda və biçimdə təqdim edir, romanda elmi mühakimə və fəlsəfi düşüncə bədii təxəyyüllə uğurla sintez olunub. Xeyir və Şər, Sevinc və Kədər, Əql və Nəfs, Zəka və Ehtiras qarşı-qarşıya duran, mübarizə aparan tərəflər kimi təsvir edilmir, həm də dünyanın bu vəhdətdən yarandığı düşüncəsi aşılanır. Müəllif əsərin əvvəlində yaranışın bu dualizm əsasında bərqarar olduğu düşüncəsi ilə harmoniya axtarışındadır: “Dünyada bir qayda-qanun, nizam-intizam, bir ahəng varmı ya bəlkə dünya başlı- başınadır, heç bir qayda-qanuna, sistemə tabe deyil, hərc-mərclikdir, xaosdur? Dos. D. Zeynalova xüsusi vurğuladı ki, romanın əsas qəhrəmanlarının qadınlar olması da bu baxımdan təsadüfi deyil. Sevgi və gözəllik, əsasən qadınla assosiasiya olunur.
“Dəli ceyran” romanından bir hissəni “Dünya” məktəbinin müəllimiləri Elnarə Məmmədova (Bahar) , Gülnar Əliyeva (Elmira), İlkiyyə Hacıyeva( Alina) canlandırdılar.
Romanın çap olunduğu “Azərbaycan” jurnalının baş redaktorunun müavini tənqidçi-publisist, fil.ü.f.d.Südabə Ağabalayeva çıxışında redaksiyaya təqdim olunan əsərlər arasında “Dəli ceyran”ın bir çox yüksək keyfiyyətləri ilə yanaşı, intellektual roman olduğunu da xüsusi qeyd etdi.
Akademik müzakirələrdə Prof. Asif Rüstəmli, Prof. Bədirxan Əhmədli, Prof. Asif Hacılı çıxış edərək, romanın görünən və görünməyən tərəflərindən danışdılar. “Dəli ceyran”da tarixiliyin və müasirliyin vəhdətinin böyük sənətkarlıqla təqdim olunduğu, obrazların bitkinliyi, həmçinin, müəllif təhkiyəsinin yetərincə düşündürücü olduğu qeyd edildi.
Dillər və ədəbiyyatlar departamentinin müəllimləri-fil.ü.f.d.Gülşanə Xudiyeva və Mənsurə Əhmədova romanı konseptual şəkildə təhlil etdilər.
Departamentin digər əməkdaşları- fil.ü.f.d Aygül Qurbanova və Fərqanə Ələsgərli H.İsaxanlının “Yadındamı” və “”Ya sən, ya heç” şeirlərini səsləndirdilər.
Müzakirədə Humanitar,təhsil və sosial elmlər fakültəsinin Tərcümə ixtisasının tələbələri müəllifə romanın məzmunu ilə bağlı müxtəlif suallar verdilər. Müəllif-əsər-oxucu kontekstində müzakirədə Hamlet İsaxanlı sualları cavablandırdı, çıxışlara və rəylərə münasibət bildirdi, həmçinin, müzakirənin təşkili üçün təşəkkür etdi.
23/06/2026
Prof.Akad. Hamlet İsaxanlının məqaləsi “Beşinci Türkçülük Çalışmaları: Milli və Çağdaş Təhsil Gərəyi” kitabında
2025-ci il dekabrın 26- da Xəzər Universitetində keçirilmiş “Beşinci Türkçülük Çalışmaları: Milli və Çağdaş Təhsil Gərəyi” başlıqlı konfransın materiallar toplusu nəşr olunmuşdur. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının “Təhsil məsələlərinə Türkçü Baxış: Keçmişdə və İndi” adlı məqaləsində orta əsrlərdə, islamın ilk dövrlərində mövcud təhsil ocaqlarının, təhsildə Avropa və Rusiya dövrünün, Müstəqillik dövrü Azərbaycan təhsil sisteminin ətraflı təhlili verilimiş, müəllif bu yöndə öz fikirlərini bölüşmüşdür. Azərbaycan Respublikasında təhsil sisteminin uğurları və problemləri barədə ətraflı məlumat üçün geniş ədəbiyyat siyahısı təqdim edilmişdir.
23/06/2026
Xəzər Universiteti "Təhsil-təlim-məşğulluq-sənaye: tərəfdaşlıq konfransı"nda
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva və koordinatoru Aysel Hüseynli 2026-cı il iyunun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və KVET-in tərəfdaşlığı ilə keçirilən “Təhsil-təlim-məşğulluq-sənaye: tərəfdaşlıq konfransı”nda iştirak ediblər.
Konfrans çərçivəsində təhsil müəssisələri, dövlət qurumları və özəl sektor nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunub, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, gənclərin məşğulluq perspektivlərinin genişləndirilməsi və insan kapitalının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları təhsil, təlim və məşğulluq sahələri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, əmək bazarının çağırışlarına uyğun həll yollarını müzakirə ediblər.
Belə görüşlər təhsil və əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsinə, tələbə və məzunların karyera imkanlarının artırılmasına mühüm töhfə verir.
22/06/2026
Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
Xəzər Universiteti ilə Bolqarıstanın Varna Azad Universiteti “Черноризец Храбър” arasında 2026-cı il iyunun 13-də akademik əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumu Xəzər Universitetinin hasvet baytarlıq təbabəti fakültəsinin yeni tədris binası və müasir tədris klinikasının rəsmi açılış mərasimində Xəzər Universitetinin rektoru, Dr. Raziyə İsayeva və Varna Azad Universitetinin rektoru, professor Petar Hristov imzalamışlar.
Məqsəd iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin təşviqi, birgə təhsil və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də beynəlxalq proqram və layihələrdə əməkdaşlığın gücləndirilməsidir.
Varna Azad Universiteti ilə imzalanan Anlaşma Memorandumu Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq strategiyasının mühüm tərkib hissəsi olmaqla, Azərbaycan və Bolqarıstan arasında ali təhsil və elm sahəsində əlaqələrin inkişafına, yeni akademik və elmi təşəbbüslərin həyata keçirilməsinə əlavə imkanlar yaradacaqdır.
22/06/2026
Xəzər Universitetinin rektoru Kral III Çarlzın doğum günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
18 iyun 2026-cı il tarixində Xəzər Universitetinin rektoru Dr. Razia Isaeva Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən Kral III Çarlzın doğum günü münasibətilə təşkil olunan tədbirdə iştirak edib.
Hyatt Regency Hotel-də keçirilən tədbirə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ev sahibliyi edib. Tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, ictimaiyyət və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak ediblər.
Çıxışı zamanı səfir Duncan Norman Azərbaycan və Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış əlaqələrə toxunaraq ölkənin son onilliklər ərzində keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan bu gün dinamik, müasir və qlobal dünya ilə sıx əlaqələrə malik ölkədir.
Tədbir Böyük Britaniya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin qeyd edilməsi, eləcə də diplomatik və ictimai əlaqələrin inkişafı baxımından əhəmiyyətli platforma olub.
19/06/2026
“Akademik fəaliyyətin dəyərləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda təlim keçiriləcəkdir.
22 iyun tarixində saat 16:00-da Xəzər Universitetinin Təhsil departamentinin müdiri, Akdeniz Universitetinin professoru Engin Karadağ tərəfindən “Akademik fəaliyyətin dəyərləndirilməsi və inkişaf etdirilməsi” mövzusunda təlim keçiriləcəkdir. Təlimdə iştirak etmək istəyən hər kəs dəvətlidir.
19/06/2026
İnnovasiyalar Mərkəzi ilə əməkdaşlıq görüşü keçirilib
18 iyun 2026-cı il tarixində Xəzər Universiteti və İnnovasiyalar Mərkəzi (INNOLAND) arasında mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Görüş Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva, İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov, eləcə də universitetin və mərkəzin əməkdaşlarının iştirakı ilə keçirilib.
Görüş zamanı Xəzər Universitetinin nümayəndələri İnnovasiyalar Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr və mərkəzdə innovasiya və sahibkarlığın inkişafı üçün yaradılmış imkanlarla tanış olublar.
Daha sonra Vüsal Rüstəmov mərkəzin fəaliyyəti, əsas istiqamətləri və gələcək planları barədə təqdimatla çıxış edib. Qarşılıqlı müzakirə formatında davam edən görüşdə İnnovasiyalar Mərkəzinin Azərbaycanın texnologiya və startap ekosisteminin inkişafında oynadığı rol yüksək qiymətləndirilib.
Rektor Dr. Razia İsaeva Xəzər Universitetinin innovasiya, sahibkarlıq və tədqiqat sahələrindəki potensialı haqqında məlumat verərək universitetin texnologiya və innovasiya yönümlü təşkilatlarla strateji tərəfdaşlıqların qurulmasına xüsusi önəm verdiyini vurğulayıb.
Müzakirələr zamanı tərəflər arasında İnnoTalk və ASAN AI HUB layihələri çərçivəsində əməkdaşlıq imkanları, birgə hakatonların, təlimlərin və digər innovasiya yönümlü tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda gələcək əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ilkin razılıq əldə olunub və tədbir xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.
19/06/2026
“Xəzər”in müəllimi Çində keçirilən beynəlxalq seminarda
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi fil.ü.f.d. dos.Sevinc Ağayeva 2026-cı il 28 may-10 iyun aralığında Çin Xalq Respublikasının Pekin və Donquan şəhərlərində keçirilən “İnkişaf etməkdə olan ölkələrin qadınları üçün süni intellekt potensialının gücləndirilməsi üzrə seminar” (“Seminar on AI Capacity Building for Women from Developing Countries”) adlı beynəlxalq tədbirdə iştirak edib.
Seminar qadınların süni intellekt sahəsində bilik və bacarıqlarının artırılması, rəqəmsal transformasiya proseslərində iştirak imkanlarının genişləndirilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində iştirakçılara süni intellekt texnologiyalarının təhsil, elm, idarəetmə və innovasiya sahələrində tətbiqi, rəqəmsal bacarıqların inkişafı, yeni texnologiyaların sosial və iqtisadi tərəqqidə rolu ilə bağlı mühazirələr təqdim olunub, praktik təlimlər və müzakirələr keçirilib. Seminar həmçinin, müxtəlif ölkələrdən olan mütəxəssislər arasında təcrübə mübadiləsi və peşəkar əlaqələrin qurulması üçün əlverişli platforma olub.
Dos.Sevinc Ağayevanın seminarda iştirakı Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əldə olunan yeni bilik və təcrübələrin universitet mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
19/06/2026
Rektor “Threads of Remembrance” sərgisinin açılışında
Xəzər Universitetinin rektoru Dr. Raziyə Isayeva 2026-cı il iyunun 17- də Azərbaycan Milli Xalça Muzeyində “Threads of Remembrance” sərgisinin açılış mərasimində iştirak edib.
Finlandiyanın Cənubi Qafqaz üzrə qeyri- rezident fövqəladə və səlahiyyətli səfiri H.E. Kirsti Narinenin dəvəti ilə keçirilən tədbir Finlandiyanın Azərbaycandakı ilk tekstil sərgisidir.
Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, səfir Kirsti Narinen, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və digər qonaqlar çıxış ediblər.
Sərgi Finlandiya və Azərbaycanın zəngin tekstil ənənələrinin, mədəni yaddaşın və nəsillərarası əlaqələrin formalaşmasındakı rolunu təqdim edir. Ekspozisiyada tekstil yalnız sənət nümunəsi kimi deyil, biliklərin, yaddaşın, əməyin və gündəlik təcrübələrin ötürüldüyü canlı bir vasitə kimi nümayiş olunur.
Finlandiyalı rəssamlar Elina Juopperi və Henna Ahonun əsərlərinin təqdim olunduğu sərgidə Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinenin ailə kolleksiyasından seçilmiş tekstil nümunələri də nümayiş etdirilir.
Azərbaycan Milli Xalça Muzeyi və Finlandiyanın Cənubi Qafqaz üzrə Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi 2026-cı il avqustun 16- dək ziyarətçilər üçün açıq olacaq.
19/06/2026
Xəzər Universiteti və İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanlarını müzakirə edilib.
16 iyun 2026-cı il tarixində Xəzər Universiteti rəhbərliyi və İslam İnkişaf Bankı (IsDB) nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva, Təbiət Elmləri və Mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva və İqtisadiyyat və Menecment fakültəsinin dekanı Dr. Dilarə Rəsulova iştirak edib.
Görüşün məqsədi İslam İnkişaf Bankının karyera imkanları, insan resursları ehtiyacları və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələrin aparılması olub.
Görüş çərçivəsində IsDB nümayəndələri təşkilatda mövcud karyera imkanları, tələb olunan peşəkar bacarıqlar və gənc mütəxəssislər üçün inkişaf proqramları haqqında təqdimatla çıxış ediblər. Xəzər Universiteti tərəfi isə universitetin fəaliyyəti, tələbələrin məşğulluğunun artırılması, ikili diplom proqramları, doktorantura təhsili istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Görüşün sonunda tərəflər əlaqələrin davam etdirilməsi və gələcək əməkdaşlıq imkanlarının araşdırılması barədə fikir mübadiləsi aparıblar.